“Hazırda xaricdə ictimai fəaliyyətlə məşğul olan gənclərin vahid mərkəz tərəfindən düzgün istiqamətdə idarə olunmasına böyük ehtiyac duyulur”
Bu gün xaricdəki gənclərimizin artıq yeni bir gücə çevrilməsi mühüm əhəmiyyət ksəb edir. Bunun üçün gənclərin Vətənlə əlaqələrinin daha da möhkəmləndirilməsi önəmlidir. Fikrimizcə, xaricdəki gənclərin fəalliyyətinin effektivliyi üçün şəbəkə olmalıdır. Məhz sistemli fəaliyyət göstərərək güclü lobbi yartmaq mümkündür. Bunun üçün də xaricdəki gənclərimizə düzgün və planlı şəkildə istiqamət verilməlidir. Belə olan halda onlar yüksək səviyyədə nəticə göstərərək Azərbaycanın xeyrinə işlər görərlər. Gənclərimiz beynəlxalq əlaqələrdən də istifadə edərək daha geniş formada ölkəmizi tanıda bilərlər. Həmçinin dünyada güclü mövqeyə malik olan siyasi mərkəzlərlə əməkdaşlıq mümkündür. Bu baxımdan xaricdə yaşayan aktiv və istedadlı gənclərimizin potensialından maksimum yararlanmaq lazımdır. 2008-ci ilin dekabrın 18-də Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının Bakıda keçirilən iclasında əsas kimi “Dünya Azərbaycanlılarının həmrəylik xartiyası” qəbul olunub. 20-dək alim tərəfindən hazırlanan Xartiyada xüsusi maddə olaraq “Xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərdə vətənpərvərlik hisslərinin gücləndirilməsi, onların tarixi vətənə bağlılığının möhkəmləndirilməsi”, - deyə qeyd edilir. Sənəddə bildirilir ki, qloballaşma, informasiya cəmiyyətinin qurulması, mədəniyyətlərarası dialoq prosesləri hər bir xalqın intellektual potensialının artırılmasını zərurətə çevirməkdədir: “Eyni zamanda, milli mədəniyyətin qorunması, xaricdə yaşayan gənc soydaşlarımız arasında milli özünüdərk hissinin aşılanması istiqamətində ən səmərəli yollardan biri elm, təhsil və mədəniyyətə diqqətin artırılmasıdır. Gənc nəslin müasir elmlərə yiyələnməsi, ümumbəşəri dəyərlərə hörmət, eyni zamanda milli-mənəvi dəyərlərə sədaqət ruhunda tərbiyə edilməsi xarici ölkələrdə Azərbaycanın intellektual potensialının yüksəldilməsinə xidmət edir. Gənc nəslin milli kökə, milli-mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsi, tarixi Vətənlə əlaqələrin genişləndirilməsi istiqamətində diaspor təşkilatları fəal iştirak etməli, yaşadıqları dövlətlərin qanunvericiliyinə, eləcə də beynəlxalq hüquq normalarına uyğun olaraq ana dilində tədrisin təşkili, bazar günü məktəblərində Azərbaycan tarixinin, mədəniyyətinin, incəsənətinin öyrədilməsi, yerli əhali arasında təbliği istiqamətində səylər birləşdirilməlidir”. Xartiyada bu sahədə Azərbaycan diaspor təşkilatlarının əsas fəaliyyət istiqamətləri də qeyd olunub. Belə ki, xaricdə yaşayan azərbaycanlı iş adamlarının və Azərbaycan Respublikasının imkanlarından istifadə etməklə icma üzvləri içərisində elm, təhsil, mədəniyyət, incəsənət, idman və digər sahələr üzrə fitri istedadı olan uşaq, yeniyetmə və gənclərin aşkar edilməsi, onların öz istedad və bacarıqlarının inkişaf etdirməsi, Azərbaycan və Azərbaycan xalqını dünyaya tanıtması üçün əlverişli şəraitin yaradılması vurğulanır. Bununla yanaşı, azərbaycanlı gənclərin Azərbaycanın tarixi, mədəniyyəti, müasir həyatı, strateji inkişaf istiqamətləri, beynəlxalq münasibətlər sistemində yeri barədə ətraflı məlumatlandırılması sahəsində tədbirlərin görülməsi, bu məqsədlə elmi-praktik konfransların, diskussiyaların, simpoziumların və digər maarifləndirici toplantıların təşkili məsələsi önə çəkilir. Həmçinin dünyanın nüfuzlu ali təhsil ocaqlarında təhsil alan azərbaycanlı tələbələrlə əlaqələrin yaradılması, xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin milli-mənəvi ruhda tərbiyə olunması məqsədilə sistemli və ardıcıl təbliğat-maarifləndirmə işinin aparılması, gənclərin diaspor quruculuğuna cəlb olunması, gənclər üçün İnternet-forumların təşkili təcrübəsinin davam etdirilməsi və s. tövsiyə olunur.
Varşava Sosiologiya Akademiyasının məsunu Nail Əhməd bizimlə söhbətində dedi ki, xaricdəki azərbaycanlı gənclər son zamanlar ictimai fəaliyyətlə daha geniş formatda məşğuldurlar: “Amma qeyd edim ki, ictimai fəaliyyətlə məşğul olan gənclər xaricdə yaşayan və təhsil alan tələbə kontingentinin bir qismini təşkil edir. Bu baxımdan böyük təşkilat və ya platforma yaradılmalıdır ki, xaricdə yaşayan və təhsil alan gənclərin böyük əksəriyyəti ictimai fəaliyyətə istiqamətləndirilsin”. Nail Əhmədə görə, hal-hazırda xaricdə ictimai fəaliyyətlə məşğul olan gənclərin vahid mərkəz tərəfindən düzgün istiqamətdə idarə olunmasına böyük ehtiyac duyulur.
Bütün hallarda xaricdəki gənclərimiz öz səylərini birləşdirməlidirlər. Mərkəzləşmiş qaydada fəaliyyət göstərilsə Vətən naminə faydalı işlər görmək olar.
Cavid Şahverdiyev
Yazı Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Xaricdəki azərbaycanlıların milli kimliyinin qorunması və ana vətənə bağlılığının təbliği istiqamətində tədbirlərin təşkili” layihəsi çərçivəsində hazırlanıb.